Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hüquq marafonu” layihəsi çərçivəsində voleybol birinciliyə start verilib

27 oktyabr 2025-ci il tarixdə Milli Müdafiə Universitetinin tabeliyindəki Naxçıvan Hərbi Kollecində ali və orta ixtisas təhsili müəssisələrinin, kolleclərin, eləcə də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarından ibarət voleybol komandalarının iştirakı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hüquq marafonu” layihəsi çərçivəsində birinciliyə start verilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi yarışın rəsmi açılış mərasimində Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov çıxış edərək ölkəmizdə gənclərin fiziki hazırlığının və idman ruhunun gücləndirilməsinə xüsusi diqqət göstərildiyini vurğulayıb.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov çıxış edərək belə yarışların gənclərdə həm sağlam həyat tərzi, həm də komanda ruhunu formalaşdırdığını qeyd edib.
Digər çıxış edənlər, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Surxay Rzayev və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru Səfər Tağıyev birinciliyin məqsəd və əhəmiyyəti barədə danışıblar və iştirakçılara uğurlar arzulayıblar.
Ardınca Naxçıvan Hərbi Kollecinin kursantlarının iştirakı ilə nümunəvi çıxış baş tutub.
Qeyd edək ki, Olimpiya sistemi ilə keçirilən birincilik sabah üçüncülük və final qarşılaşmaları ilə yekunlaşacaq.