Naxçıvan şəhərində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qız uşaqlarının təhsil hüquqlarının qorunması və təhsil sistemində gender stereotiplərinin aradan qaldırılması” mövzusunda tədbir keçirilib

“25 noyabr - Qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günü”nə dair 16 günlük kampaniya çərçivəsində “Qız uşaqlarının təhsil hüquqlarının qorunması və təhsil sistemində gender stereotiplərinin aradan qaldırılması” mövzusunda tədbir keçirilib.
Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib, Naxçıvan şəhərində müvafiq sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ümumi təhsil sektorunun müdiri Gültəkin Rüstəmli çıxış edərək qız uşaqlarının təhsil hüququnun qorunmasının və onların təhsildən kənarda qalma hallarına qarşı mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək təhsil mühitində formalaşmış gender stereotiplərinin təsirinin azaldılması üçün pedaqoji hazırlığın gücləndirilməsinin, tədris materiallarında neytral və inklüziv yanaşmanın təmin olunmasının önəmli olduğunu bildirib.
Sonda Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Cəmilə Hüseynova tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib.
Diskussiya şəklində davam etdirilən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqədar maarifləndirici broşurlar paylanılıb və posterlər elan lövhələrində yerləşdirilib.