12 noyabr 2026-cı il tarixində 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü münasibətilə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətində təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Əhməd Vəliyev, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış ediblər.
Çıxışlarda 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının dövlətçilik tariximizdəki əhəmiyyəti, hüquqi və demokratik dövlət quruculuğunda rolu, eləcə də Ümummilli Lider Heydər Əliyevin bu tarixi sənədin hazırlanması və qəbul edilməsində müstəsna xidmətləri vurğulanıb.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi istiqamətində tarixi xidmətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbir musiqili-bədii proqramla davam edib. Proqram çərçivəsində Naxçıvan şəhər 12 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanları kompozisiya təqdim edib, “Araz” instrumental ansamblının solistləri Ədalət Hüseynov və Nahid Həsənov musiqi nömrələri ilə çıxış ediblər. Naxçıvan şəhər 2 nömrəli incəsənət məktəbinin “İncilər” rəqs qrupu isə “Azərbaycan” rəqsini təqdim edib.
Tədbir iştirakçıları Konstitusiya Gününün dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha vurğulayaraq, müstəqil Azərbaycanın hüquqi əsaslarının möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini ehtiramla qeyd ediblər.