Naxçıvan şəhərində “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda növbəti maarifləndirici təlim keçirilib

9 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə “İnternetdən səmərəli istifadə zamanın tələbidir” mövzusunda növbəti maarifləndirici təlim keçirilib.
Təlimi Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov giriş sözü ilə açaraq mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova təqdimatla çıxış edərək internetdən istifadə zamanı diqqət yetirilməsi vacib olan məqamlara toxunub və bildirib ki, internet biliklərinin artırılması, təhsil imkanlarının genişləndirilməsi və ünsiyyətin qurulması baxımından mühüm vasitədir.
İnternetdən düzgün istifadə olunmadıqda uşaqların psixoloji inkişafına, ailə dəyərlərinə və ictimai münasibətlərə mənfi təsir göstərə bilər. O, həmçinin qeyd edib ki, bu sahədə cəmiyyətin maarifləndirilməsi, sağlam istifadə vərdişlərinin formalaşdırılması və valideynlərin məsuliyyətli mövqeyi xüsusi önəm daşıyır.
Daha sonra Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ceyran Məmmədova çıxış edərək uşaqların təhsil hüquqlarından və bu sahədə yaradılan şəraitdən bəhs edib, keçirilən təlimlərin uşaqların maarifləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sonda Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Asudə Məmmədova çıxış edərək təlim təşkilatçılarına öz minnətdarlığını bildirib.
Təlim diskussiya şəklində davam edib və iştirakçıların sualları cavablandırılıb.