28 oktyabr 2025-ci il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Milli Müdafiə Universitetinin tabeliyindəki Naxçıvan Hərbi Kollecində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Hüquq marafonu” layihəsi çərçivəsində voleybol birinciliyinin final mərhələsi və mükafatlandırma mərasimi keçirilib.
Birincilikdə ümumilikdə 6 komanda mübarizə aparıb, hər bir komanda böyük əzmlə hazırlıq görmüş, bacarıqlarını nümayiş etdirmiş və gərgin rəqabət şəraitində bir-biri ilə mübarizə aparmışdır. Yarışın nəticələrinə uyğun olaraq Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin komandası I yerə, Naxçıvan Tibb Kollecinin komandası II yerə, Naxçıvan Musiqi Kollecinin komandası III yerə layiq görülüb.
Qalib komandalar Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Surxay Rzayev və Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin direktoru Səfər Tağıyev tərəfindən diplom, kubok, medallar və hədiyyələrlə təltif olunub.
Qeyd olunub ki, bu cür idman tədbirləri gənclərin sağlam həyat tərzinin təşviqinə, kollektivlik və vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə mühüm töhfə verir.