İşlərin gedişatı barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Rübabə Həsənova "NAXÇIVANXƏBƏRLƏRİ"-nə məlumat verib.
O qeyd edib ki, Naxçıvanda bu ilin aprel ayının 28-dən başlayaraq 5-i mərkəzi, 39-u fərdi olmaqla ümumilikdə 44 istilik qazanxanasında təmir işlərinə start verilib. Qazanxanaların istiliklə təmin etdiyi binaları birləşdirən magistral xətlərin keçdiyi kanallar tullantılardan təmizlənib, boru xətlərinin ümumi vəziyyəti yoxlanılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı bildirib ki, payız-qış mövsümündə istilik şəbəkələrinin fasiləsiz işləməsi, avadanlıqların normal rejimdə fəaliyyət göstərməsi və enerji daşıyıcılarından qənaətlə istifadə olunması diqqətdə saxlanılacaq. Oktyabrın 15-dən etibarən mənzil-istismar idarələri ilə birlikdə istiliklə təmin olunan yaşayış və inzibati binalarda isti su təminatının da yoxlanmasına başlanılacaq.
"Qış mövsümünə hazırlıq çərçivəsində Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi də tədbirlər görür. Şəhərdaxili avtomobil yollarının qardan təmizlənməsi üçün texnikalar hazır vəziyyətə gətirilir, yolların və səkilərin buzdan təmizlənməsi məqsədilə duz və qum ehtiyatı yaradılıb. Bununla yanaşı, kommunal sahədə çalışan işçilərin isti geyim formaları ilə təmin olunması istiqamətində satınalma işləri davam etdirilir", - deyə Rübabə Həsənova bildirib.