Naxçıvan şəhərində COP29-la bağlı maarifləndirici tədbir keçirilib.

Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir.

Sentyabrın 9-da bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli qurumların və bələdiyyələrin vəzifəli şəxsləri və əməkdaşları,  Naxçıvan Muxtar Respublikası Ədliyyə naziri vəzifələrini icra edən nazir müavini və qurumun mətbuat xidmətinin rəhbəri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev bildirib ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərimiz Heydər Əliyevin ekoloji arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Bu sahəyə göstərilən diqqətin və Azərbaycanın dünyada günbəgün artan nüfuzunun göstəricisidir ki, bu il noyabr ayında dünyanın ən mötəbər tədbirlərindən biri COP29 Bakıda keçiriləcək.

Əhməd Vəliyev COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar İcra hakimiyyəti tərəfindən qəbul edilmiş tədbirlər planının icrası barədə ətraflı məlumat verib. Bildirilib ki, ötən dövrdə Naxçıvan şəhərində bu münasibətlə çoxsaylı maarifləndirmə tədbirləri, sosial aksiyalar, ağacəkmə və yaşıllıqlara qulluq aksiyaları keçirilib, ətraf mühitə qayğını təşviq edən poster və bannerlər, həmçinin mətbuat orqanlarında və sosial şəbəkə hesablarında mövzu ilə bağlı onlarla material nümayiş olunub.

Sonra Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat verib, COP-un növbəti iclasının ölkəmizdə keçirilməsinin daha yaşıl və təhlükəsiz gələcək üçün əhəmiyyətini vurğulayıb.

Tədbirin davamında Naxçıvan Televiziyasının COP-la bağlı hazırladığı videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici broşürlər paylanıb.