Naxçıvan şəhərində “Bilik günü” yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Bu münasibətlə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova ölkəmizdə, o cümlədən, Naxçıvan şəhərində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini və müasir avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb.

Ötən tədris ilində qazanılan uğurlar münasibətilə müəllim və şagirdləri təbrik edən İcra başçısının müavini bildirib ki, bu il Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərini 833 məzun bitirib və onlardan 521 məzun ali və orta ixtisas məktəblərinə qəbul olub. 80 məzun 500-700 intervalında bal toplayıb.

Tədbirdə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini icra edən Təhminə Mustafayeva və 12 nömrəli tam orta məktəbin direktoru Tahirə Qasımova yeni dərs ili münasibətilə müəllim və şagirdləri təbrik edib, onlara nailiyyətlər arzulayıblar.

Sonra məktəbin birinci sinif şagirdi, şəhid Bağır Ələkbərovun övladı balaca Əsədin çaldığı ilk zəngin sədaları ilə 2024-2025-ci tədris ili başlayıb.

Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və İcra hakimiyyətinin əməkdaşları Naxçıvan şəhərində 5 və 8 nömrəli, həmçinin Naxçıvan Qarnizonu tam orta məktəblərində təhsil alan şəhid övladlarının təhsil şəraiti ilə maraqlanıblar.

Qeyd edək ki, bu il Naxçıvan şəhər ümumtəhsil məktəblərində 13186 şagird yeni dərs ilinə başlayıb. Onlardan 1024 nəfəri birinci sinif şagirdləridir.