Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sülh və sabitliyin təmin olunmasının dövlətlərin inkişafında rolu” adlı tədbir keçirilmişdir.
İcra hakimiyyətinin, Ombudsman aparatının, hüquq-mühafizə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və təhsil şöbəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin olunması zamanı həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, başçının vəzifələrini icra edən Əhməd Vəliyev tədbirdə çıxış edərək bildirib ki, ötən il keçirilən antiterror əməliyyatı həm də onu göstərdi ki, harada sülh var, orada əmin-amanlıq var, orada inkişaf var. Bu gün inkişaf edən Qarabağ, Şərqi Zəngəzur dünyada sülhün nə qədər vacib olduğunu bir daha göstərir. 30 ildə ermənilərin viran qoyduğu ərazilərdə bu gün dünya üçün nümunə olan şəhər və kəndlər salınır.
Tədbiri giriş nitqi ilə davam etdirən Ombudsman Günay Rzayeva Azərbaycanda sülh mədəniyyətinin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri, eləcə də onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar və bu istiqamətdə görülmüş işlər barədə danışıb.
Sonra Ombudsman aparatı tərəfindən hazırlanmış “Sülh və sabitlik” adlı videoçarx nümayiş olunub. Ombudsman aparatının baş məsləhətçisi Aysel Nəcəflinin "Sülh insan hüquqlarının qorunmasının və inkişafının zəruri şərtidir”, İcra hakimiyyətinin şöbə müdiri İsa Allahverdiyevin “Azərbaycan regionda sülhün təminatçısıdır”, Əlahiddə Ümumqoşun Ordunun zabiti mayor Elçin Qənbərovun “Sülh və sabitliyin təmin olunması” mövzularında çıxışları dinlənilib.