Naxçıvan şəhərində "Beynəlxalq Qeyri - Zorakılıq Günü" ilə bağlı tədbir keçirilib

02 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu tərəfindən “Beynəlxalq Qeyri - Zorakılıq Günü” ilə bağlı tədbir keçirilib.
Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səfəralı Vəliyev giriş sözü ilə açaraq günün əhəmiyyətindən danışıb. O, zorakılığın cəmiyyətdə neqativ nəticələr doğurduğunu, humanist dəyərlərə əsaslanan münasibətlərin isə ictimai sabitlik və inkişaf üçün mühüm əhəmiyyət daşıdığını, həmçinin cəmiyyətdə sülh, qarşılıqlı hörmət və humanist dəyərlərin qorunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı Türkan Məmmədova çıxış edərək qanunun tələbləri barədə ətraflı məlumat verib, vətəndaşların qanunlara əməl etməsinin ictimai sabitlik üçün mühüm olduğunu qeyd edib.
Tədbirdə həmçinin Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Həmidə Qoçəliyeva uşaqlara qarşı zorakılıq mövzusunda çıxış edərək, uşaq hüquqlarının qorunmasının vacibliyini və zorakılığa qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün məsuliyyət daşıdığını vurğulayıb.