Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Təhminə Mustafayeva ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açıb, onun gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək bildirib ki, ana dili xalqın milli kimliyini, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini yaşadan ən mühüm vasitələrdən biridir. Məhz bu baxımdan ana dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi bəşəri əhəmiyyət daşıyan məsələdir.
Azərbaycan dilinin saflığının qoruması və inkişafı istiqamətində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu deyən İcra Hakimiyyəti başçısının müavini diqqətə çatdırıb ki, Ümummilli Liderin təşəbbüsü ilə 2002-ci ilin 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib.
Qeyd edilib ki, ana dilimizə dövlət qayğısı siyasəti bu gün uğurla həyata keçirilir. Prezident cənab İlham Əliyev hər dəfə elm adamları, mətbuat və ictimaiyyət nümayəndələri ilə görüşlərində bu mühüm məqamı vurğulayır. Bu da hər bir Azərbaycan vətəndaşına böyük məsuliyyət, milli həmrəylik kimi ali dəyərləri aşılayır, milli maraqların qorunmasına güclü təkan verir.
Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sevda Əsgərova çıxış edərək bildirilib ki, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı və xarici dillərin geniş yayılması ana dilinin istifadəsinə müəyyən təsirlər göstərir.
Xüsusilə sosial şəbəkələrdə ədəbi dil normalarına əməl edilməməsi dilin saflığı üçün təhlükə yaradır. Bu səbəbdən hər kəs öz ana dilini qorumalı, onun inkişafı üçün daha çox təşəbbüskar olmalıdır.
Sonda məktəbin şagirdlərinin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şeir və mahnılar səsləndirilib.