20 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Saat Meydanı” istirahət kompleksində “Autizmlə bir gün” adlı tədbir keçirilib.
Qeyd edək ki, tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Ramazan Nəsirovda iştirak edibdir.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilibdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib. Daha sonra bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dövlət uşaq siyasəti nəticəsində uşaqların hüquqları qorunur, onların sosial rifahı yaxşılaşdırılır və gələcək inkişafları üçün bərabər imkanlar yaradılır.
Komitə sədri qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada regional ailə mərkəzləri yaradılacaq. Bu mərkəzlərin əsas məqsədlərindən biri isə xüsusi qayğıya ehtiyacı olan uşaqlara və onların ailələrinə hərtərəfli dəstək göstərməkdir.
Tədbirdə “Autizmli Uşaqlara Dəstək” İctimai Birliyinin təsisçisi Ayaz Seyidli çıxış edərək Birliyin fəaliyyəti haqqında ətraflı məlumat verib. O, çıxışında vurğulayıb ki, autizm xəstəlik deyil, uşaqların fərqliliyidir. Onlar dünyanı fərqli şəkildə görür və bu fərqlilik onların xüsusi diqqətə və dəstəyə ehtiyaclı olduqlarını göstərir. Belə uşaqların cəmiyyətə inteqrasiyası, sosial müdafiəsi və təhsil imkanlarının genişləndirilməsi hər birimizin vəzifəsidir.
Daha sonra tədbirdə “Bitməyən savaş” videoçarxı və “Tut ürəyimdən anne” filmi nümayiş etdirilib, həmçinin autizmli uşaqların əl işlərindən ibarət sərgi-satışı təşkil olunubdur.