3 dekabr 2025-ci il tarixdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimə başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Təlimdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov açılış nitqi ilə çıxış edərək mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Müşərrəf Bağırova çıxış edərək bildirib ki, ailə, məktəb və cəmiyyət modeli uşaqların inkişafı üçün vacib olan birgə məsuliyyət sistemidir. Bu üç institutun qarşılıqlı, birgə fəaliyyəti sağlam və uğurlu gələcək üçün əsas şərtdir. Bu kimi maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsinin əsas məqsədi məhz valideyn, məktəb və şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilməsi və daha səmərəli təşkil edilməsidir. Ailədən sonra tərbiyə məktəbdə davam edir. Ailə, məktəb və cəmiyyət bir-birini tamamlayan əsas tərbiyə ocaqlarıdır. Uşağın şəxsiyyət kimi formalaşmasında ailənin verdiyi ilk təməl, məktəbin verdiyi bilik və cəmiyyətin verdiyi dəyərlər mühüm rol oynayır.
Daha sonra Naxçıvan Şəhər Təhsil şöbəsinin əməkdaşı Ceyran Məmmədova mövzunun aktuallığından bəhs edərək bildirdi ki, məktəb yalnız bilik verən deyil, həm də şəxsiyyət formalaşdıran məkandır. Uşağın şəxsiyyət kimi yetişməsi ailədə başlayır, məktəbdə inkişaf edir, cəmiyyətdə möhkəmlənir.
Daha sonra məktəbin direktoru Abdulla Əsgərov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və qeyd edib ki, gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi üçün valideynlərin məktəblə birgə əməkdaşlığı daha sağlam cəmiyyət qurmağa mühüm töhfədir.
Tədbir diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı broşürlər paylanıb və posterlər elan lövhəsinə vurulub.