Naxçıvan şəhərində ağacəkmə aksiyası keçirilib.

Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi, COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş ağacəkmə aksiyasında Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, tabeli qurumların rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Aksiyanın əhəmiyyətini vurğulayan və hər kəsi Prezident cənab İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” tədbirlərində fəal olmağa səsləyən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev bu işdə səy göstərən şəxslərə təşəkkür edib. Bildirilib ki, aksiyanın məqsədi ətraf mühiti qorumaq və təbiətə qayğını təbliğ etməkdir.

Sonra Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi və Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksinin ərazisində 200 ədəd badam və 600-dən artıq meyvə ağacı olmaqla ümumilikdə 800 ədəd ting əkilib və lazımi aqrotexniki qulluq göstərilib.

Aksiyadan sonra İcra hakimiyyətinin başçısı Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi və Naxçıvan şəhər Təmizləyici Qurğular Kompleksində yaradılmış şəraitlə maraqlanıb, işin səmərəli təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.