Zəfər Parkında Naxçıvan Şəhər İcra Hakimiyyətinin, şəhərin təhsil və mədəniyyət müəssisələrinin əməkdaşlarının, məktəblilərin iştirakı ilə keçirlən tədbirdə 32 şagirdin Vətən müharibəsindəki zəfərimizi, eləcə də xalqımızın qəhrəman oğullarının göstərdiyi şücaəti, Qarabağ simvolu olan xarıbülbülü və tarixi abidələrimizi əks etdirən rəsm tabloları nümayiş olunub.
Şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayan tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin sayəsində bu gün işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, Qarabağ yeni dövrünü yaşayır. Qarabağ və Şərqi Zəngəzurda böyük yenidənqurma və bərpa işləri aparılır. Artıq gələcəyimiz olan uşaqlar məcburi köçkün deyil və ailələri ilə birgə doğma ata-baba yurdlarına qayıdırlar. Həyata keçirilən sürətli bərpa-quruculuq işləri nəticəsində bu gün bütün ərazilərimizdə xoşbəxt uşaq gülüşləri eşidilir. Bizə bu qüruru yaşadan Möhtərəm Prezidentimizə, şəhidlərimizə, qazilərə, bütün əsgər və zabitlərimizə, müharibə iştirakaçılarına xalqımız daim minnətdar olacaqdır.
Sonra sərgiyə baxış olub.
Tədbirin sonunda Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Zəfər Gününə həsr olunmuş inşa-yazı, rəsm, şeir müsabiqəsi, mədəniyyət və idman tədbirlərində uğur qazanmış şəxslər təltif ediliblər.