Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraçuq kəndində Naxçıvan şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində keçirilən tədbirdə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin, Qaraçuq kənd klubu və kitabxanasının əməkdaşları da iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərimizin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasəti, etnik təmizləmə və deportasiya faktları barədə ətraflı məlumat veriblər. Bildirilib ki, tarix boyu “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçiləri Azərbaycan torpaqlarına qarşı əsassız iddialar irəli sürərək xalqımıza qarşı ağır cinayətlər törədiblər.
Qeyd olunub ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin sistemli şəkildə araşdırılması və bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi təsis edilib.
Diqqətə çatdırılıb ki, ötən illər ərzində aparılmış araşdırmalar sayəsində soqırımla bağlı çoxsaylı yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi məzarlıq aşkar olunaraq həmin ərazidə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2013-cü il sentyabrın 18-də Kompleksin açılışı həyata keçirilmiş, həmçinin 2018-ci il yanvarın 18-də möhtərəm Prezidentimiz tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır.