“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Naxçıvan Şəhər Təhsil Şöbəsinin dəstəyi ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə “30 illik həsrətin Vətən müharibəsindəki qələbəsinin 5 ili” devizi altında tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, məktəbin direktoru Nəzifə Haqverdiyeva, şəhid Vaqif Rəcəbovun anası Məryəm Rəcəbova, Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva və şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov çıxış edərək Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlər və qazilərin isə qürur mənbəyimiz olduğunu qeyd ediblər.
Çıxış edənlər vurğulayıblar ki, şəhidlərimizin qəhrəmanlığı Azərbaycan gəncləri üçün hər zaman örnək olub, bundan sonra da örnək olacaqdır. Azərbaycanın bugünkü və gələcək nəsilləri də şəhidlərimizin qəhrəmanlığından daima nümunə götürəcəklər. Zaman ötsə də torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələnlərin ömür yolu bizim üçün ən böyük şərəf və qürur olacaqdır. Bu zirvəyə ucalanları yad etmək, onların xatirəsini hər zaman anmaq isə bizim hər birimizin borcudur.