Naxçıvan şəhərində 28 iyul – Hepatitlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib

İyulun 28-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 28 iyul – Hepatitlə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, ardınca dövlət himni səsləndirilib.
Giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Səmayə İbrahimova çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər Şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov çıxış edərək, Muxtar Respublikada səhiyyə sahəsində son dövrdə həyata keçirilən islahatların vacibliyi barədə məlumat verib. Həmçinin Naxçıvan şəhərində əhalinin sağlamlığının təmin olunması üçün lazımi şəraitin yaradılmasından, tibb müəssisələrinin maddi-texniki bazasının davamlı olaraq yenilənməsindən, müasir tələblərə cavab verən tibbi avadanlıqların əhalinin istifadəsinə verilməsindən, eyni zamanda, yeni səhiyyə müəssisələrinin yaradılması üçün zəruri tədbirlərin görülməsindən bəhs edib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin həkim-infeksionisti Dilrubə Qaraşova və Sona Əlizadə hepatit virusları barədə, Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Leyla Əsgərova isə QİÇS və İİV virusları ilə bağlı təqdimatla çıxış ediblər.
Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd hepatit virusları, onların yayılma yolları və erkən diaqnostikanın əhəmiyyəti barədə əhali arasında maarifləndirmənin gücləndirilməsindən ibarət olub.