Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “Şanlı tariximizin qəhrəmanlıq salnaməsi” adlı sərgi keçirilib.
Sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, dövlət və hökumət nümayəndələri, Ali Məclisin deputatları, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri, təhsil müəssisələrinin müəllim, tələbə və kursant heyəti iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva tədbiri giriş sözü ilə açaraq bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan 20 Yanvar hadisəsinin baş vermə səbəbləri və ağır nəticələri barədə danışıb, Ümummilli Lider Heydər Əliyevin bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verməsindən bəhs edib.
Sonra sərgiyə baxış olub. Məlumat verilib ki, sərgidə 20 Yanvar faciəsini əks etdirən 14 rəssamın 30 rəsm əsəri nümayiş olunur.
Sonda xatirə fotosu çəkdirilib.