Naxçıvan şəhərində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, İcra Hakimiyyətinin kollektivi, həmçinin idarə, təşkilat və müəssisələrin rəhbər şəxsləri və əməkdaşları, icra nümayəndələri Naxçıvan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarları üzərinə gül dəstələri düzüb və onların əziz xatirəsinə ehtiramlarını bildiriblər.

20 Yanvar faciəsi, Azərbaycanın müstəqillik və milli azadlıq yolunda qanla yazılmış ağrılı, eyni zamanda şərəfli səhifələrindən biridir. Bu hadisə təkcə Azərbaycan tarixində deyil, həm də bütün dünya xalqlarının azadlıq mübarizəsində xalqın iradəsinin sarsılmaz nümunəsi kimi yadda qalıb.

20 Yanvar hadisəsi Azərbaycan xalqının milli ruhunun dirçəlişi və müstəqillik istəyinin sarsılmaz olduğunu bütün dünyaya göstərdi. Həmin gün xalq sübut etdi ki, heç bir güc azadlıq və ədalət uğrunda mübarizəni boğa bilməz. 20 Yanvar şəhidlərinin xatirəsi isə müstəqil Azərbaycanın qurulmasında əbədi bir simvola çevrildi. 35 il keçməsinə baxmayaraq, 20 Yanvarın ağrısı unudulmayıb. O gecədə tökülən qanlar Azərbaycanın müstəqillik tarixinin əbədi parçasıdır. Bu tarix həm faciə, həm də qəhrəmanlıq salnaməsidir.