Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə Ağayeva, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbin direktoru Samirə Abdullayeva və həmin məktəbin tarix müəllimi Azad Şirzadov çıxış edərək 20 Yanvar hadisəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, tədbirin yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsindəki əhəmiyyətini vurğulayıblar.
Çıxış edənlər qeyd ediblər ki, xalqımız 1990-cı ilin 20 Yanvarında şəhidlər versə də, igid Vətən övladlarının sarsılmaz iradəsindən, istiqlaliyyət əzmindən yoğrulmuş şanlı qəhrəmanlıq tarixini yaratdı. Bu gün şəhidlərimizin ruhu şaddır, çünki dövlət müstəqilliyimiz etibarlı əllərdə ildən-ilə daha da möhkəmlənir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib, həmin ərazilərdə Azərbaycan bayrağı dalğalanır, böyük quruculuq-yenidənqurma işləri ilə həyat yenidən canlanır.
Tədbirin sonunda şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda və faciəyə həsr olunmuş şeirlər, nəğmələr səsləndirilib və film nümayiş etdirilib.