Naxçıvan şəhərində "20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü" ilə əlaqədar maarifləndirici tədbir keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov giriş sözü ilə açaraq "20 Noyabr-Ümumdünya Uşaq Hüquqları Günü"nün əhəmiyyəti, Azərbaycan Respublikasının bu istiqamətdə həyata keçirdiyi məqsədyönlü tədbirlər və milli qanunvericiliyin uşaqlar üçün təmin etdiyi hüquqi təminatlar barədə məlumat verib. Orxan Məhərrəmov vurğulayıb ki, ölkəmizin əsas qanunu olan Azərbaycan Respublikası Konstitusiyası uşaqların müdafiəsi, inkişafı və rifahı üçün möhkəm hüquqi baza yaradır. O, həmçinin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin cəmiyyətdə hüquqi maarifləndirmənin gücləndirilməsi və insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının daha effektiv müdafiəsinə töhfə verdiyini diqqətə çatdırıb.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli uşaq hüquqlarının müdafiəsinin həm hüquqi, həm də sosial aspektlərini əhatə edən geniş təqdimatla çıxış edərək bildirib ki, hər bir uşaq sağlam mühitdə böyümək, keyfiyyətli təhsil almaq, təhlükəsizlik, qayğı və sosial müdafiə kimi fundamental hüquqlara malikdir. Elsun Cahangirli Komitə tərəfindən uşaq hüquqlarının qorunması ilə bağlı aparılan monitorinqlər, erkən nikah və uşaq əməyinin istismarı hallarının qarşısının alınması, milli dəyərlərin təbliği və digər sahələrdə aparılan maarifləndirici tədbirlər barədə məlumat verib. O, həmçinin uşaqlarla iş sahəsində dövlət qurumları və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Esmira Həsənova çıxış edərək təhsil müəssisələrində uşaqların hüquqlarının təmin olunması, məktəblərdə sağlam psixoloji və sosial mühitin yaradılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, həmçinin müəllimlərin bu sahədə maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.