Naxçıvan şəhərinə yeni təyin olunmuş icra hakimiyyəti başçısı kollektivə təqdim edilib

Avqustun 5-də Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 avqust tarixli sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuş Anar Babayev ictimaiyyətə və müvafiq kollektivlərə təqdim edilib.
Təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və yeni təyin olunmuş icra hakimiyyəti başçısı Naxçıvan şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Təqdimat mərasimində çıxış edən səlahiyyətli nümayəndə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeni təyinatlarla bağlı sərəncamını elan edib, dövlət başçısının tapşırıq və tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində vətəndaş məmnunluğu, sosial rifahın yüksəldilməsi və dövlət-vətəndaş münasibətlərində şəffaflığın təmin olunması dayanır. Vurğulanıb ki, vətəndaş müraciətlərinə həssas yanaşılmalı, onlar operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməli, dövlət qulluqçuları əhali ilə münasibətdə yüksək etik davranış nümunəsi göstərməlidirlər.
Ceyhun Cəlilov korrupsiyaya qarşı mübarizə, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, kadr potensialının gücləndirilməsi, torpaq, su və mineral ehtiyatlardan, eləcə də dövlət əmlakından səmərəli istifadə olunması, ekoloji tarazlığın qorunması, sahibkarlığın inkişafı və bu sahədə şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinin möhkəmləndirilməsi istiqamətində qarşıda duran vəzifələri diqqətə çatdırıb.