Avqustun 30-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan şəhəri ərazisində yaşıllıqların salınması, mövcud ağacların sağlamlığının təmin olunması, təmizlik və abadlıq məqsədi ilə ardıcıl tədbirlər davam etdirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının, tabeli idarə və müəssisələrin nümayəndələrinin, eləcə də sahə və inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərinin iştirakı ilə yol kənarlarında məişət tullantıları yığışdırılıb, qurumuş otlar ərazidən təmizlənib, mövcud yaşıllıq zolaqlarına qulluq göstərilib.
Tədbir çərçivəsində ağaclar ağardılıb, dibləri bellənib və suvarma işləri aparılıb. Bu həm sanitariya baxımından, həm də yaşıllıqların qorunması və mühitin estetik görünüşünün yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən bu cür mütəşəkkil tədbirlər şəhərimizin ümumi abadlığına, təmizliyinə və ekoloji tarazlığın qorunmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.