Naxçıvan şəhəri Qaraxanbəyli kəndində vətəndaş qəbulu keçirilib

İyun ayının 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Qaraxanbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər.
Qəbula başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görülməsini vətəndaşların diqqətinə çatdırıb.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolu xüsusi qeyd edilib. Bildirilib ki, Dövlət Proqramına əsasən ötən dövrlərdə olduğu kimi bu ildə Naxçıvan şəhərində abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha  sonra vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən sahibsiz itlərin yaşayış sahələrinə ziyan vurmasından, suvarma suyunun verilməsindən, birmərtəbəli yaşayış evinin layihəsinin dəyişdirilərək ikimərtəbəli yaşayış sahəsinə çevrilməsindən, şəhid oğlunun məzar daşının dəyişdirilməsinə köməklik göstərilməsindən, kəntdə uşaq bağçasının tikilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyətinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.