6 fevral 2026-cı il tarixdə Qaraçuq kəndində keçirilən tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən və aktuallığından bəhs edib, Naxçıvan şəhərində gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva çıxış edərək bildirib ki, gender bərabərliyi cəmiyyətin hərtərəfli inkişafının vacib istiqamətlərindən biridir. Qadınların müxtəlif sahələrdə fəal iştirakı cəmiyyətin potensialını daha dolğun şəkildə üzə çıxarır. Bu prosesin təşkili üçün hüquqi mexanizmlərin gücləndirilməsi, maarifləndirmə işlərinin aparılması, qadınların liderlik bacarıqlarının inkişafı və stereotiplərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir.
Tədbir diskussiya şəklində davam edib, iştirakçılara mövzu ilə əlaqədar broşürlər paylanılıb.