Naxçıvan şəhəri Əliabad qəsəbəsində vətəndaş qəbulu keçirilib

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə 01 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolundan və Naxçıvan şəhərinin Baş planının hazırlanmasından bəhs edib. Bildirib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində  abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Vətəndaşların müraciətləri əsasən məhəllə yollarının asfaltlanmasından, marşrut xəttinin sxeminin yenidən tənzimlənməsindən, müvafiq iş ilə təmin olunmasından, yaşadığı məhəlləyə trampilin qoyulmasından, elektrik və internet xətləri yaxın məsafədə quraşdırıldığından yaranan təhlükələrin aradan qaldırılmasından və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün  razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.