Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən yarış başlanmazdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər tədbirin keçirilmə məqsədi haqqında komandalara ətraflı məlumat verib və onlara uğurlar arzulayıblar. Şəhid valideynləri və yaxınları təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Sonra şəhid yaxınlarına yarışdan xatirə olaraq fəxri fərman təqdim edilib. Birincilikdə 17 tam orta məktəbin komandası, hər komandada isə 6 nəfər olmaqla ümumilikdə 102 şagird iştirak edib. Yekuna əsasən, 8 nömrəli tam orta məktəbin komandası I, 7 nömrəli tam orta məktəbin komandası II, 12 və 17 nömrəli tam orta məktəblərin komandaları isə III yerə layiq görülüb. 

Sonda yer tutan komandalara və komanda üzvlərinə təşkilatçıların diplomları təqdim olunub.