Naxçıvan Şəhər Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində tədbir keçirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Mədəniyyət İdarəsi tərəfindən 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təşkil edilən tədbirin iştirakçıları əvvəlcə məktəbin şagirdlərinin Vətənimiz Azərbaycana həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib. İcra hakimiyyəti başçısının müavini bildirib ki, XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi.   Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Məhz belə bir zamanda Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. 

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir. Azərbaycan xalqının ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlünün bərpası idi. Xalqın bu arzusunu Cənab Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən Azərbaycan torpaqlarından qovulub çıxarıldı, ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Zəfəri qazanan Azərbaycan xalqı bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir!

Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin müdir əvəzi Həcərxanım Məmmədova çıxış edərək müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan və qazanılan uğurlardan bəhs edib. Bilidirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qalib Azərbaycan bu gün dünyanın sürətlə inkişaf edən ölkələrindən biridir.

Sonra Naxçıvan şəhər uşaq-musiqi, incəsənət və bədii-sənətkarlıq məktəblərinin kollektivlərinin hazırladığı konsertə baxış olub. Azərbaycanın xalq və bəstəkar mahnılarından və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı maraqla qarşılanıb.