Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

10 dekabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsində 12 dekabr – Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinin rəisi Yusif Axundov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov, idarənin əməkdaşları Səbuhi Talıbov və İsmayıl Rəhimov çıxış edərək Ümummilli Liderin həyatı və zəngin siyasi irsindən, xalqımız və dövlətçiliyimiz uğrunda gördüyü misilsiz xidmətlərindən danışıblar.
Çıxış edənlər bildiriblər ki, müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Onun uzaqgörən siyasəti sayəsində xalqımız zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxıb. Azərbaycanı məhv olmaqdan qurtararaq işıqlı sabaha çıxaran Ulu Öndərin mənalı ömür yolunun hər anı bugünkü və gələcək nəsillər üçün unudulmaz tarixdir.