Yanvarın 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla səyyar qəbul keçirib.
Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb, həmçinin dövlətimizin həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyini vurğulayıb. İcra başçısı çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən, yerlərdə vətəndaşların müraciətlərinə diqqətlə yanaşılması, onların qaldırdıqları məsələlərin araşdırılması və həlli istiqamətində məqsədyönlü tədbirlərin görülməsi mütəmadi olaraq diqqət mərkəzində saxlanılır.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə təşəkkür ediblər.
Qeyd edək ki, qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.