27 Sentyabr – Anım Günü ərəfəsində Naxçıvanda şəhidlərin əziz xatirəsi ehtiramla yad olunur, onların ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.
Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şöbə əməkdaşları ilə birlikdə qəhrəman şəhidlərimiz – Vəli Quliyev, Elnur Zeynalov və Vaqif Rəcəbovun ailələrini ziyarət edib.
Görüş zamanı şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, səmimi söhbətlər aparılıb, onların ehtiyac və problemləri diqqətlə dinlənilib. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti çərçivəsində şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq 44 günlük Vətən müharibəsində və sonrakı antiterror əməliyyatlarında qazanılan tarixi Zəfərin Azərbaycan xalqının birliyi, Ordumuzun gücü və şəhidlərimizin qəhrəmanlığı sayəsində əldə edildiyini qeyd edib.
Şəhid ailələri ilə keçirilən bu görüş bir daha göstərdi ki, onların qəhrəman övladlarının xatirəsi daim uca tutulur, dövlətimizin və xalqımızın qəlbində əbədi yaşayır.