Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı şəhər sakinlərini qəbul edib

Sentyabrın 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazisində yaşayan sakinləri qəbul edib, onların müraciətlərini dinləyib.
Qəbulda sakinlərlə yanaşı Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. Qəbula başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək sakinlərə ölkəmizdə həyata keçirilən quruculuq işləri barədə məlumat verib, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolunu qeyd edib. Bildirilib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində də abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha sonra şəhər sakinlərini narahat edən məsələlərlə yaxından tanış olunub, onların müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən yolların asfaltlanmasından, müvafiq iş ilə təmin olunmasından, yaşadıqları mənzillərin sənədləşdirilməsindən, yağış sularının binanın dam örtüyündən yaşayış sahələrinə zərər vurmasından, yaşadığı fərdi yaşayış evinin hasarlanmasına köməklik göstərilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.