Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aprelin 10-da Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər. Qəbula başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixdə imzaladığı Fərmandan, ölkəmizdə həyata keçirilən quruculuq işlərindən məlumat verib. Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.Vətəndaşların müraciətləri əsasən mərasim evinin tikilməsinə köməklik göstərilməsindən, mülkiyyət hüquqları pozulduğu üçün əvəzində torpaq sahəsi və ya kompensasiya verilməsindən, həyətinə kanalizasiya xəttinin çəkilməsindən, müvafiq iş ilə təmin olunmasından, kənd qəbiristanlığında yer olmadığı üçün yeni torpaq sahəsinin ayrılmasından və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri ilə bağlı onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şəxslərlə birgə kənd ərazisində yerləşən bir sıra ərazilərə baxış keçirib, lazımi işlərin görülməsi üçün tapşırıqlar verib. Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.