Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Naxçıvan şəhərində vətəndaşları qəbul edib

Dekabrın 5-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 4 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan sakinləri qəbul edib, müraciətlərini dinləyib.

Qəbulda sakinlərlə yanaşı İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb. 

İcra hakimiyyəti başçısı sakinlərə ölkəmizdə həyata keçirilən quruculuq işləri barədə məlumat verib, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolunu qeyd edib. Bildirilib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində də abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir. 

Şəhər sakinlərini narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib. 

Vətəndaşların müraciətləri əsasən yolların asfaltlanması, şəhidlər bulağının salınması, yağış sularının binanın dam örtüyündən yaşayış sahələrinə zərər vurması, sahibkarlıq obyektlərinin icarəyə götürülməsi və digər məsələlərlə bağlı olub. 

Vətəndaşların müraciətləri ilə bağlı müvafiq izah verilib və araşdırılması üçün nəzarətə götürülüb.

Vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.