27 Sentyabr – Anım Günü ərəfəsində Naxçıvanda şəhidlərin əziz xatirəsi ehtiramla yad olunur, onların ailələrinə dövlət səviyyəsində xüsusi diqqət və qayğı göstərilir.
Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev aidiyyəti şöbə əməkdaşları ilə birlikdə qəhrəman şəhidlərimiz – Şahmar Quliyevin və Fuad Əlizadənin ailələrini ziyarət edib.
Görüşlərdə qəhrəman şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, barələrində xoş təəssüratlar danışılıb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev görüşlər zamanı bildirib ki, dövlətimizin məqsədi yalnız qəhrəman şəhidlərimizin xatirəsini uca tutmaq deyil, həm də onların ailəsinin sosial rifahını daim yüksək səviyyədə təmin etməkdir. Şəhid ailələrinin mənəvi dəstəklə təmin olunması, gündəlik həyatının yaxşılaşdırılması və onlara göstərilən diqqətin davamlı xarakter daşıması hər zaman prioritet məsələlərdən biridir.
Həmçinin qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhid ailələri ilə keçirilən bu görüş bir daha göstərdi ki, onların qəhrəman övladlarının xatirəsi daim uca tutulur, dövlətimizin və xalqımızın qəlbində əbədi yaşayır.