Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Əliabad qəsəbəsində vətəndaşları qəbul edib.

Noyabrın 15-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan sakinləri qəbul edib.

Qəbulda sakinlərlə yanaşı İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri iştirak ediblər. Əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad olunub.

İcra hakimiyyəti başçısı sakinlərə ölkəmizdə həyata keçirilən quruculuq işləri barədə məlumat verib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolunu qeyd edib. Bildirilib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində də abadlıq-quruculuq tədbirləri həyata keçirilir və bu tədbirlər davamlı xarakter daşıyır.

Vətəndaşların müraciətləri əsasən yol kənarlarında su kanallarının tikintisi, qəsəbə ərazisində ictimai nəqliyyatın trayektoriyasının genişləndirilməsi, yeni küçə işıqlarının quraşdırılması və digər məsələlərlə bağlı olub. 

Qəbuldan sonra İcra hakimiyyəti başçısı sakinlərlə birlikdə şikayətlərin daha çox ünvanlandığı ərazilərə baxış keçirib, qeyd edilən məsələlərin həlli ilə bağlı araşdırma aparılıb qısa müddətdə məlumat verilməsi tapşırığını verib.

Vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.