27 oktyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev “Zəfər Günü”nün 5-ci ildönümü ərəfəsində şəhid kapitan Cabbarov Seymur İlham oğlunun və şəhid əsgər Gözəlov Rüfət Əzim oğlunun ailələrini ziyarət edib. Görüş zamanı şəhid Rüfət Gözəlovun anım günü ehtiramla yad olunub.
Cabbar Musayev ziyarət zamanı ailələrlə səmimi söhbət apararaq onların gündəlik qayğıları ilə maraqlanıb və şəhidlərin Vətən uğrunda göstərdiyi qəhrəmanlığın hər zaman Azərbaycan xalqı tərəfindən yüksək tutulacağını vurğulayıb.
Şəhid ailələrini ziyarətdə Cabbar Musayevlə birlikdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və şöbə müdiri İsmayıl Gülməmmədov da iştirak ediblər. Ailələrə şəhidlərin şəhid olduğu məkanları əks etdirən fotolar təqdim olunub və bu anlar həm qürur, həm də dərin hisslərlə qarşılanıb.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirərək, dövlətin və dövlət nümayəndələrinin göstərdikləri diqqətin həm mənəvi dəstək olmasını, həm də qürur mənbəyi olduğunu qeyd ediblər.
Cabbar Musayev bildirib ki, Vətən uğrunda canını fəda edən qəhrəmanların ailələrinə göstərilən qayğı bundan sonra da davam etdiriləcək və onların rifahı hər zaman dövlətin diqqətində olacaq.
Görüş zamanı şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.