Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev vətəndaşları qəbul edib.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə fevralın 5-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib. 

Qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər. 

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlərin görüldüyünü vətəndaşların diqqətinə çatdırıb.

Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Naxçıvan Muxtar Respublikasında "Naxçıvan Sənaye Parkı"nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 dekabr 2024-cü il tarixdə imzaladığı Fərmandan, ölkəmizdə həyata keçirilən quruculuq işlərindən məlumat verib. 

Eyni zamanda, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolundan bəhs edib. Bildirilib ki, Dövlət Proqramına əsasən Naxçıvan şəhərində də abadlıq-quruculuq tədbirləri mütəmadi olaraq həyata keçirilməkdə davam edəcəkdir.

Qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, onların müraciət və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən yolların asfaltlanmasından, çöl torpağını əkmək üçün bitən qamışlığın yandırılmasına qanun çərçivəsində köməklik göstərilməsindən, müvafiq iş ilə təmin olunmalarından, mülkiyyət hüquqları pozulduğu üçün sökülmüş mülklərinin əvəzinə torpaq sahəsinin və ya kompensasiyanın verilməsindən, yaşadıqları ərazidə elektrik enerjisinin gərginliyinin aşağı olmasıdan, sahibkarlıq obyektlərinin açılmasına köməklik göstərilməsindən və digər məsələlərlə bağlı olub. 

Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib, qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.

Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün  razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.