Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Çinin Urumçi şəhərinə rəsmi səfəri çərçivəsində “Tiejian Heavy Industry” və “China Railway Construction Corporation” sənaye müəssisələri ilə tanış olub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevə və müavin İmran Məmmədova sözügedən müəssisələrin fəaliyyəti haqqında ətraflı məlumat verilərək bildirilib ki, diametri 16.8 metrədək olan metro və digər nəqliyyat tunellərinin qazıntılarında, eləcə də mədən sənayesində istifadə olunan qabaqcıl texnoloji avadanlıqlar bu müəssisələrdə istehsal olunur. Bununla yanaşı, müxtəlif növ kənd təsərrüfatı texnikalarının istehsalı da bu müəssisələrdə həyata keçirilir. İstehsal olunan məhsullar dünyanın bir sıra ölkələrinə ixrac olunur və mühüm infrastruktur layihələrində uğurla tətbiq edilir.
Sənaye müəssisələrində innovativ insansız idarəetmə sistemlərinin tətbiqi geniş vüsət alıb. Müəssisələr bir çox seqmentlərdə beynəlxalq səviyyədə tanınan patentlərin sahibidir.
Görüşlər zamanı nəqliyyat infrastrukturu və innovativ kənd təsərrüfatı sahələrində mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.