Fevralın 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə 4 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Qəbuldan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Həmçinin Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecədə erməni faşistləri tərəfindən Xocalıda yaşayan dinc sakinlərə qarşı törədilən amansız soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz izlər qoyduğunu, son illərdə Azərbaycan ordusunun şücaəti ilə Xocalı qurbanlarının alınan qisasından və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci il fevral ayının 19-da Xocalıya etdiyi növbəti səfərindən bəhs edib.
Eyni zamanda "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolunu qeyd edib. Bildirib ki, Dövlət Proqramına əsasən cari ildə Naxçıvan şəhərində abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən məhəllə və küçə yollarının asfaltlanmasından, binaya verilən istiliyin zəif olmasından, mənzil icarə müqaviləsinin öz adına dəyişdirilməsinə köməklik göstərilməsindən, yaşadıqları ərazidə maşınların yavaş hərəkətinin təmin edilməsi üçün yola trampilin qoyulmasından, su olmadığı üçün binanın həyətində olan ağacların qurumasından, müvafiq iş ilə təmin olunmasına köməkliyin göstərilməsindən, mülkiyyət hüququ pozulduğu üçün kompensasiya və ya torpaq sahəsinin verilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.