Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Qaraxanbəyli kəndində vətəndaşları qəbul edib.

Yanvarın 22-də Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Qaraxanbəyli kənd sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.

Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər. 

İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.

Həmçinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı  Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-ci il tarixdə imzaladığı Sərəncamdan, Naxçıvan Muxtar Respublikasında Naxçıvan Sənaye Parkı yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixdə imzaladığı Fərmandan, ölkəmizdə həyata keçirilən quruculuq işlərindən məlumat verib. 

Eyni zamanda, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Prezident Cənab İlham Əliyevin 7 yanvar 2025-ci il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibə zamanı ölkəmiz və Naxçıvan Muxtar Respublikası üçün önəmli olan məqamları vətəndaşların diqqətinə çatdırıb.

 Həmçinin, Prezident Cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə zamanı “Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır” fikirlərini vətəndaşların diqqətinə çatdırıb və hər birimizin ölkə başçısı ətrafında sıx birləşməli olduğunu vurğulayıb. 

Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən məscid və mərasim evinin tikilməsinə köməklik göstərilməsindən, tullantı yeşiklərinin vaxtında götürülməsindən, içməli suyun yararsız vəziyyətdə olmasından, kəndə yeni bankomatın qoyulmasından, çöl torpaqları şoranlaşdığı üçün əkinə yararsız olmasından, məktəbin yanında mini futbol meydançasının yaradılmasına köməklik göstərilməsindən, sahibsiz itlərlə bağlı tədbir görülməsindən  və digər məsələlərlə bağlı olub. 

Vətəndaşların müraciətləri ilə bağlı onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 

Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.

Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün  razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.