Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Qaraçuq kəndində vətəndaşları qəbul edib

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə iyulun 2-də Qaraçuq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Qəbulda ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolundan, Naxçıvan şəhərinin Baş planının hazırlanmasından və bu mühüm layihənin icrasının Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinə həvalə olunduğu xüsusi qeyd edilib.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən məhəllə və küçə yollarına trampilin qoyulmasından, sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün qeyri-yaşayış sahəsində qapı açılmasına köməklik göstərilməsindən, müvafiq iş ilə təmin olunmalarından, əkin sahəsinə suvarma suyunun verilməməsindən, kəntdə mərasim evinin tikilməsindən, mülkiyyət hüququ pozulduğu üçün torpaq sahəsinin verilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.