Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə iyunun 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Qəbulda ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolundan, Naxçıvan şəhərinin Baş planının hazırlanmasından və bu mühüm layihənin icrasının Böyük Britaniyanın şəhərsalma sahəsində böyük təcrübəyə malik “Chapman Taylor” şirkətinə həvalə olunduğu xüsusi qeyd edilib.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən torpaq sahəsinin verilməsindən, bələdiyyə mülkiyyətində olan torpağının özəlləşdirilməsinə köməklik göstərilməsindən, müvafiq iş ilə təmin edilməsindən, məhəllə və küçə yollarının asfaltlanmasından və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.