Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə fevralın 19-da Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin inzibati binasında 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Qəbulda ilk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolu xüsusi qeyd edilib. Bildirilib ki, Dövlət Proqramına əsasən ötən dövrlərdə olduğu kimi bu ildə Naxçıvan şəhərində abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən məhəllə və küçə yollarının asfaltlanmasından, binanın dam örtüyü yararsız vəziyyətdə olduğundan yağış sularının evlərinə ziyan vurmasından, sahibsiz itlərlə bağlı tədbirlərin görülməsindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün qeyri-yaşayış sahələrinin açılmasına, yaşayış binalarının həyətində olan ağacların budanmasına və oturacaqların qoyulmasına köməklik göstərilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbuldan sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev sözü gedən bəzi müraciətlərlə bağlı müvafiq ərazilərə yerində baxış keçirib və lazımi tapşırıqlar verib.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.