Tədbir çərçivəsində çıxış edən Cabbar Musayev Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı potensialı və bu sahədə son illərdə əldə olunan nailiyyətlər barədə geniş məlumat verib. Bildirilib ki, əhalinin ərzaq məhsulları ilə təminatında özünü təminetmə səviyyəsinin yüksəldilməsi, müasir aqrar texnologiyaların tətbiqi və ekoloji cəhətdən təmiz məhsul istehsalı Muxtar Respublikada prioritet istiqamətlərdəndir.
Çıxış zamanı Zəngəzur dəhlizinin açılması perspektivləri və bu dəhlizin Naxçıvanın beynəlxalq nəqliyyat-logistika sistemində tutacağı strateji mövqe də diqqətə çatdırılıb. Vurğulanıb ki, dəhlizin istismara verilməsi regionda iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə mühüm töhfə verəcək, eyni zamanda Naxçıvan şəhərinin tranzit imkanlarını artıracaqdır.
Cabbar Musayev, həmçinin qeyd edib ki, Muxtar Respublikada xarici investorlar üçün əlverişli investisiya mühiti yaradılmış, aqrar sahəyə yönəlik layihələrin reallaşdırılması üçün müvafiq inzibati və iqtisadi dəstək mexanizmləri tətbiq olunmaqdadır.
Tədbirin sonunda qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub və beynəlxalq tərəfdaşlarla gələcək birgə layihələrə dair ilkin razılaşmalar əldə edilib.