Dekabrın 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan vətəndaşları qəbul edib və müraciətlərini dinləyib.
Keçirilən qəbulda vətəndaşlarla yanaşı Naxçıvan Şəhər İcra hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərləri də iştirak ediblər.
İlk öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra hakimiyyətinin başçısı Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görülməsini vətəndaşların diqqətinə çatdırıb.
Eyni zamanda Naxçıvan Şəhər İcra hakimiyyəti başçısı Cabbar Musayev "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən aksiyalardan və bu aksiyaların davam etdiriləcəyindən, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərdən, ölkəmizdə həyata keçirilən quruculuq işlərindən məlumat verib. Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən yolların asfaltlanmasından, istiliyin olmamasından, iş yerləri ilə təmin olunmalarından, yağış sularının binanın dam örtüyündən yaşayış sahələrinə vurduğu zərərdən, sökülmüş obyektlərinin əvəzində kompensasiya və ya torpaq sahəsinin verilməsindən, sahibkarlıq obyektlərinin açılmasından, binalarda quraşdırılmış havalandırma bacalarının yararsız vəziyyətdə olmasından və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri ilə bağlı müvafiq izahatlar verilib və araşdırılması üçün nəzarətə götürülməsi tapşırılıb.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə vətəndaş qəbulu keçirilməsi nəzərdə tutulub.
Vətəndaşlar müraciətlərinə baxılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.