04 dekabr 2025-ci il tarixdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsində müstəsna rolundan bəhs edib. Qeyd edilib ki, Ulu Öndər həm birinci hakimiyyəti dövründə respublikamıza rəhbərlik etdiyi illərdə, həm də müstəqilliyin çətin vaxtlarında Azərbaycanın taleyində dönüş yaradan tarixi missiya həyata keçirib. Onun rəhbərliyi ilə 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətimizin hüquqi təməlini qoyub.
Gülxanım Orucova bildirib ki, Ümummilli Liderin ideyaları bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının həyata keçirdiyi sosial-iqtisadi islahatlar, infrastruktur və enerji layihələri Azərbaycanın regionun ən güclü dövlətlərindən birinə çevrilməsini təmin edib. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizin suverenliyinin tam bərpası, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri Ulu Öndərin müəyyən etdiyi strateji xəttin məntiqi nəticəsidir.
O, həmçinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdə həyata keçirdiyi layihələrin ölkəmizin beynəlxalq nüfuzuna, milli-mənəvi dəyərlərimizin təbliğinə və işğaldan azad olunmuş ərazilərdə sosial həyatın bərpasına mühüm töhfə verdiyini qeyd edib.
Vurğulanıb ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev dövlətçilik ideyalarının davamı və Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin bəhrəsidir. Ümummilli Liderin həyat yolu və dövlətçilik fəlsəfəsi xalqımız üçün daim örnək olaraq qalır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucov çıxışında Konstitusiyanın yaranma tarixi, eləcə də Ümummilli Lider Heydər Əliyevin ölkənin xarici siyasətinin formalaşdırılmasındakı rolundan bəhs edib. Deputat bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini müəyyən edərək, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu yüksəltmişdir.
Daha sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Surxay Rzayev çıxışında qeyd edib ki, Azərbaycan Konstitusiyası dövlət müstəqilliyini və suverenliyini möhkəmləndirən, insan hüquqlarını təmin edən əsas sənəddir. Bildirilib ki, Ulu Öndərin həyata keçirdiyi gənclər və idman siyasəti Naxçıvanda böyük inkişaf yaratmış, bu xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizi “İdman ölkəsi”nə çevirmişdir.
Tədbirdə İcra Hakimiyyəti başçısı Aparatının, tabeli idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Tədbirin sonunda günün əhəmiyyətindən bəhs edən film nümayiş etdirilib.