İyulun 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün ilə görüşü olub. Görüşdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulu Asip Kaya, konsulluğun nümayəndələri və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin Protokol şöbəsinin əməkdaşı Aysel Abbasova iştirak edib.
Görüş çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev Azərbaycan və Türkiyə Respublikası arasındakı sıx qardaşlıq münasibətlərinin olmasından söz açıb və görüşün keçirilməsindən məmnunluq hissi keçirdiyini bildirib, eyni zamanda, qonaqlara Naxçıvan Şəhərinin Baş planı və görülən işlər haqqında məlumat verib.
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün isə çıxışı zamanı Naxçıvana səfərinin xüsusi mənəvi önəm daşıdığını deyib.
Qeyd edib ki, Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyan bir torpaqdır. Bura Ümummilli Lider Heydər Əliyevin doğulduğu vətəndir. Eyni zamanda, böyük qurucu lider Mustafa Kamal Atatürkün Türk qapısı adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid körpüsünün” açıldığı yer olaraq tarixə düşüb.
Diplomat vurğulayıb ki, bu səfərin məqsədi Türkiyə ilə Naxçıvan arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Görüşün sonunda Naxçıvan Şəhər İcra Hakimiyyətində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərliyi dövründə imzaladığı sənədlər və fotolardan hazırlanan sərgi ilə tanışlıq olub, xatirə fotosu çəkilib.