Aprelin 24-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan vətəndaşları qəbul edib.
Keçirilən qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də Pekinə səfəri zamanı hər iki ölkə üçün mühüm əhəmiyyəti olan “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair Niyyət Məktubu” imzalanmasından bəhs edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı 25 aprel 2025-ci il tarixindən etibarən sudan səmərəli və qənaətlə istifadənin təbliği məqsədi ilə genişmiqyaslı sosial aksiyaya start verildiyini vətəndaşların diqqətinə çatdırıb. Bildirib ki, aksiyanın başlanılmasında əsas məqsəd vətəndaşlar arasında su ehtiyyatlarının düzgün idarə olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün su təhlükəsizliyinin təmin edilməsindən ibarətdir.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən müvafiq iş ilə təmin olunmasından, yağıntı sularının evinin qarşısını yararsız vəziyyətə salmasından, mülkiyyətində olan fərdi yaşayış sahəsində qapı açmaq üçün köməklik göstərilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbul qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.
Qəbulda iştirak edən vətəndaşlar müraciətlərinə baxılması məqsədi ilə yaradılan şərait üçün razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.